Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş doqquz veteranı həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
18 avqust 2023-cü il tarixdə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. Doqquz nəfərdən bir nəfər mayor, iki nəfər baş leytenant, üç nəfər isə leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Həmçinin xidmətə qəbul olunan mülki şəxslərdən bir nəfərə çavuş, bir nəfərə kiçik gizir, bir nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.
“Çox sevindirici haldır ki, siz - İkinci Qarabağ müharibəsinin iştirakçıları xidməti davam etmək üçün məhz bizim qurumu seçmisiniz. İstər sülh, istərsə də müharibə dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan məsələlərin həll edilməsində, vətəndaşlarımıza vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rola malik hərbi qurumdur. Bu gündən etibarən siz də bu missiyanın uğurla həyata keçirilməsində rol oynayacaqsınız. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm, çalışın qüsursuz və şərəflə xidmət aparın”, - deyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin