Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) ilə Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri arasında görüş keçirilib.
ANmedia.az xəbər verir ki, AREA-nın direktoru Cavid Abdullayev qonaqları salamlayaraq Agentliyin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, ölkəmizin yüksək bərpa olunan enerji potensialı var və bu sahədə bir sıra layihələr həyata keçirilir. Mövcud sahədə xarici şirkətlərlə əməkdaşlıq, yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş və ixrac marşrutları barədə geniş məlumat verilib. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatından irəli gələn məsələlər qonaqların diqqətinə çatdırılıb.
Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, nümayəndə heyətinin rəhbəri Şerzod Fayziyev enerji sahəsində əməkdaşlığın qurulmasının iki ölkə üçün böyük maraq doğurduğunu, həmçinin bu istiqamətdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib. Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun rəhbəri Milana Bazarova çıxış edərək ölkəsinin bərpa olunan enerji potensialı və icra edilən layihələr barədə ətraflı məlumat verib.
Görüşdə bərpa olunan enerji sahəsində əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin