Bu gündən etibarən peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır.
ANmedia.az xəbər verir ki, peşə təhsili almaq istəyən şəxslər 28 iyul - 11avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.
Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq. Son müraciət tarixi 11 avqust 23:59-dur.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir.
Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir.
Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim
etmək imkanı yaradılır.
Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə
yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən
uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin
təqdim edilməsi üçün dəvət olunacaqlar.
Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:
Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini,
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
Təhsil haqqında sənəd (attestat);
Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin