İsrailin Tevel şirkəti Unifrutti adlı şirkət ilə birlikdə Çilidə süni zəka sisteminə sahib xüsusi platforma vasitəsilə alma yığımını reallaşdırıb. Platformanın sahib olduğu süni zəka sistemi platformaya bitişik olan naqillərə qoşulu dronların idarəsini reallaşdırır. Dronlar isə alma ağaclarının budaqlarına yaxın yerləşərək heç hir zədələnməyə məruz qalmamış yetişmiş almaların yığılması ilə məşğul olurlar. Almaların yığımı bütün mərhələlərdə heç bir insanın iştirakı olmadan aparılır. Mütəxəssislərin sözlərinə əsasən bu, kənd təsərrüfatı sahəsinin gələcəyidir.
Təlimatlandırıla bilən süni zəka sistemi almaların yığımı zamanı onların xarici görünüşlərini analiz edir və almanın lazımi səviyyədə yetişmiş olduğunu və onda heç bir zədələnmənin olmadığından əmin olandan sonra almanın budaqdan dərilməsi əmrini verir. Bu cür platforma hər məhsul yığımı mərhələsində yalnız yüksək keyfiyyətli məhsulları seçərək məhsul yığımı xərclərini aşağı salır. Dronlar platformaya qoşulu olan naqillər vasitəsilə enerji əldə edirlər və onlar platformanın özünün enerjini əldə etdiyi vaxta qədər çalışa bilirlər.
Dronların almaları budaqdan dərmələri prosesi onlarda olan hava udma özəllikli konstruksiya hesabına reallaşdırılır. Bu bir növ güclü tozsoranı xatırladır. Məlumatda qeyd edilib ki, bu cür üsul almaların yığımı zamanı onların zədələnmələrinin qarşısını alır. Yığılan almalar isə platforma daxilində olan xüsusi konteynerlərə ötürülür. Nəticə etibarilə məhsul yığımı prosesində bu cür robotların geniş miqyasda adi insanların əvəzinə istifadə edilməsi öz növbəsində məhsulların satış qiymətlərini aşağı sala bilər.
Mənbə:technote.az