“Böyük Zəfərin 101 şəhidi!” adlı kitabın təqdimatı keçirilib.
ANmedia.az xəbər verir ki, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyevin müəllifi olduğu kitab bu gün ictimaiyyətə təqdim edilib. Kitab müəllifin “Vətən” layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsinin 101 şəhidi haqqında müsahibələrindən ibarətdir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə kitabda adı keçən şəhidlərimizin ailəsi, yaxınları, ali təhsil müəssisələri nümayəndələri, millət vəkilləri, ictimai şəxslər və media nümayəndələri iştirak edib. Tədbir Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb. Ardınca Azərbaycanın Dövlət himni səslənib.
İlk olaraq müəllif Aydın Tağıyev çıxış edib, qonaqları salamlayıb və kitab haqda qısa məlumat verib. O qeyd edib ki, kitab bir ilə yaxındır davam edən və müxtəlif bölgələrimizin qəhrəman şəhidlərinin döyüş yolundan bəhs edir.
Tədbir sözləri müəllifə aid olan “İlk Zəfər Marşı” ilə davam edib. Daha sonra şəhidlərin ailə üzvləri və digər qonaqlar söz alıb, təəssüratlarını bölüşüblər.
Sonda müəllif yekun üçün söz alıb və layihədə iştirak edən hər kəsə təşəkkür edib. Tədbir sözləri müəllifə aid olan “Vətən” marşı ilə yekunlaşıb.
Qeyd edək ki, Aydın Tağıyev müharibə dövründə yazılan ilk "Zəfər marşı"nın müəllifi, "Qarabağ həqiqətləri 1992-2020" video layihəsinin, 100-ə yaxın araşdırma məqalələrinin, “Vətən” şeirinin və “Fədakarlar bir amalın uğrunda” kitabının müəllifidir. Bununla da müəllif 2 kitab müəllifi, həmçinin ictimayi yönümlü 2 veb sayt və 1 jurnalın həmtəsisçidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin