“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.
ANmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, AQTA-nın vəzifələri artırılıb.
Belə ki, bundan sonra ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini AQTA təmin edəcək.
Eləcə də Agentlik heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparacaq.
Bununla yanaşı qurum heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirəcək.
Həmçinin dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək vəzifəsi də AQTA-ya həvalə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin