Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşündə iştirak edib.
Nazirlikdən verilən məlumata görə, C.Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyulması ilə Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb:
“Hazırkı mərhələdə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir. İnanırıq ki, sözügedən bəyanatlara uyğun olaraq kommunikasiyaların bərpa edilməsi regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsində müsbət rol oynayacaq və bizim bütün tərəfdaşlarımızın xeyrinə bölgədə ticarət və nəqliyyatı əhəmiyyətli şəkildə artıracaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilir. Bu işlər nəticəsində azərbaycanlı məcburi köçkünlər öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönəcəklər”.
GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə protokol imzalanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin