Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Bütün həyatını Azərbaycanın və xalqın taleyinə bağlayan Ulu öndər Heydər Əliyev müqayisəolunmaz şəxsiyyət idi.
Ulu Öndərin sadə insanlarla, zəhmətkeşlərlə xüsusilə səmimi, doğma ünsiyyəti vardı. Bu münasibət Heydər Əliyevə xalqın sonsuz sevgisini, ehtiramını, inamını formalaşdırdı. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb.
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanın iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad dövlət kimi təşəkkül tapmasında müstəsna rol oynamışdır. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülmüşdür. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. O eyni zamanda idarəetməninin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi: “Reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir”.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Müstəqilliyin bərpasından sonra Ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrində apardığı islahatlar, çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr Azərbaycanı dünya miqyasında tanınan bir məmləkətə çevirdi. Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoydu.
Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Fəxr hissi ilə qeyd edə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti Ümumilli lider Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev irsi yüz illər boyu Azərbaycan xalqına yol göstərəcək, ölkəmizin davamlı inkişafına möhtəşəm töhfəsini verəcək.
Bu gün Ulu öndər Heydər Əliyevin cismən aramızda olmaması xalqımız üçün nə qədər ağırdırsa, İlham Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi ən böyük xoşbəxtlikdir. Bizlər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.
İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Prezident Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhidlərin ailə üzvləri, qazilərimiz ilə keçirdikləri görüşlər qayğının sözdə deyil əməldə olduğunun bariz nümunəsidir.
Birinci-vitse prezident Mehriban xanım Əliyeva dəfələrlə şəhid ailələrinin üzvləri ilə yaxından maraqlanmaq üçün onların evində qonaq olmuş, şəhid anaları ilə görüşmüş, onları bir-bir bağrına basaraq onların kədərinə şərik olduğunu səmimiyyətlə bildirmişdir. Göründüyü kimi, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsgər və hərbi qulluqçuların ailələrinin, milli ordu quruculuğunda, habelə ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidməti olanların həyat şəraitinin yaxşılaşmasına və sağlamlıqlarının bərpasına həmişə xüsusi qayğı göstərirlər və bu diqqət hər zaman ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir.
Qarabağın azadlığı uğrunda savaşmaq, şanlı tariximizin real iştirakçısı olmaq, Vətən müharibəsinə könüllü olaraq yollanmaq məndə böyük qürur hissi yaradır. Düşməndən qisas almağı qarşısına məqsəd qoyan mərd oğullarımız kimi qələbə ilə dönəcəyimizə heç şüphəm yox idi. Əminliklə deyə bilərəm ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçüllərimizinin ruh yüksəkliyi idi.
Əminik ki, Ulu öndər Heydər Əliyevin dövlətimizin ərazi bütövlüyünün təmini ilə bağlı işğal altındakı torpaqlarımızın azad edilməsi arzusu Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində reallığa çevrildiyi kimi digər arzuları da çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Azərbaycan adlı məmləkət var olduqca, Heydər Əliyevin yaratdığı səhifə tariximizlə birgə yaşayacaqdır!
Rasim Ağazadə
Astara Rayon Məhkəməsində Məhkəmə iclas katibi, YAP üzvü, İkinci Qarabağ müharibəsi veteranı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin