Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Avstriya Respublikası Federal Avropa və Beynəlxalq məsələlər üzrə Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olub.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Siyasi məsləhətləşmələrdə Avstriya nümayəndə heyətinə bu ölkənin Federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin İkitərəfli məsələlər və Avropa İttifaqının ümumi xarici siyasəti üzrə baş direktoru, siyasi direktor Greqor Kössler rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında ticarət və iqtisadi əlaqələr üçün geniş potensial imkanları vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib. Müzakirələr zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.
Bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində ölkəmizin səyləri, Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Səfər çərçivəsində, habelə Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri Norbert Hoffer, Avstriya Parlamentinin Avstriya – Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri və Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və Beynəlxalq Siyasət üzrə baş direktoru və Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian Frauşer ilə də görüşlər keçirilib.
Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri Norbert Hofer ilə keçirilmiş görüşdə iki ölkə arasında parlamentlərarası sahədə münasibətlər müzakirə edilib, parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Görüş əsnasında qarşı tərəfə Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səylər və addımlar barədə ətraflı məlumat təqdim edilib.
Avstriya Parlamentinin Cənubi Qafqaz ölkələri ilə Dostluq Qrupunun üzvləri ilə görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı üçün müvafiq dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb, eləcə də Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşma prosesi haqqında məlumat təqdim edilib, regiondakı vəziyyət haqqında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir müavini X.Xələfovun Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və Beynəlxalq Siyasət üzrə baş direktoru, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian Frauşer ilə keçirdiyi görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, əməkdaşlığlın inkişafı üçün Qarışıq Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin