Ötən dövr ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ümumilikdə 38 726 hektarı minadan təmizlənib.
ANmedia.az xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
E.Hüseynovun sözlərinə görə, bu təmizlənməli olan ərazinin 16,4 %-dir:
“Çirklənmiş ərazi o qədər çoxdur ki, iki il yarım ərzində yalnız bu qədər ərazi təmizlənib. Bu zaman isə 57 876 mina və partlamamış hərbi sursat aşkar edilib. Müxtəlif rayonlarda bu göstərici fərqlidir. Təbii ki, Ağdam bu məsələdə öndə gedir.
Ağdamın 27,5 %-i, Füzulidə 25 %-dək hissəsi, Tərtərin 16,7 %-i, Xocavəndin 5,1 %-i, Xocalının isə 15,8 %-i minadan təmizlənib. Sual oluna bilər ki, niyə Xocalıda bu qədər yüksək göstərici var. Çünki Xocalının cəmi 6 kəndi bizim nəzarətimizdədir”.