Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Baykar" şirkəti Azərbaycanda fəaliyyətə başlayıb.
ANmedia.az xəbər verir ki, bu barədə Türkiyənin "Savunmasanayist" hərbi nəşri yazıb.
Bildirilir ki, bu gün Azərbaycana səfər edən şirkətin texniki direktoru Selçuk Bayraktar "Baykar Teknoloji Azerbaycan" adlı şirkət barədə Prezident İlham Əliyevə məlumat verib.
Nəşr qeyd edir ki, "Baykar Teknoloji Azerbaycan" şirkəti süni intellektlə işləyən insansız sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, fabrik səviyyəsində texniki xidmət, pilotluq, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləyəcək.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.
Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Selçuk Bayraktar Prezident İlham Əliyevə "Baykar" şirkəti tərəfindən istehsal edilən "KızılElma" insansız qırıcısının maketini hədiyyə edib.