“Ermənistanın və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin son günlər törətdikləri təxribatlar onu deməyə əsas verir ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından boyun qaçırır”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun fikrincə, Azərbaycan və Ermənistan rəsmilərinin bir müddət əvvəlki açıqlamaları sülh müqaviləsinin imzalanması üçün çox yaxşı imkan və şəraitin yarandığını göstərirdi. Deputat vurğulayıb ki, İrəvanın destruktiv mövqeyi vəziyyəti kökündən dəyişib: “Heç vaxt verdiyi sözü və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan rəhbərliyi bu dəfə də danışıqları pozdu”.
V.İskəndərov söyləyib ki, Ermənistanın ritorikanı sərtləşdirməsi, eskalasiyaya can atması, martın əvvəlində qanunsuz hərbi daşınmalar həyata keçirən erməni silahlıları ilə atışma, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi onu göstərir ki, bu terror dövləti heç vaxt xislətindən əl çəkən deyil.
Milli Məclisin üzvü hesab edir ki, İrəvan bilərəkdən belə təxribatlara əl atmaqla sülh prosesini pozmağa cəhd göstərir: “Çünki döyüş meydanında məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi bu alçaldıcı məğlubiyyətlə barışmaq istəmir. Martın əvvəlində baş verən lokal toqquşmalar, daha sonra Zəngilanda hərbçimizin yaralanması, alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvənin daşınmasının davam etdirilməsi kimi məsələlər artıq Azərbaycan üçün başqa çıxış yolu qoymur. Biz ordumuzun gücünə tam arxayınıq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü ilə məqsədlərimizə çatacağımıza şübhəmiz yoxdur. Sadəcə olaraq Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlı idi. Ancaq son hadisələr, Rusiya sülhməramlılarının fəaliyyətsizliyi bizə güc yolu ilə məsələnin həllinə nail olacağımızı göstərir. Odur ki, artıq xəbərdarlıqların vaxtı bitib. Bu gedişlə son sözü ordumuz deməli olacaq”.
Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan 1 ədəd "KamAZ" avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.
Həmin gün qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Martın 25-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşdiyi barədə informasiya yayıb. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.
Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin