Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyevin müəllifi olduğu “Ana” şeirinə musiqi bəstələnib.
ANmedia.az xəbər verir ki, mahnı müğənni İsmayıl Əliyev tərəfindən ifa edilib. Mahnının bəstəsi bəstəkar, musiqi prodüsseri Camal Qurbanova məxsusdur.
Həmçinin “Ana” adlı şeir qısa müddət öncə jurnalist Mirçingiz Ağazadə tərəfindən də səsləndirilib.
“Ana” şeirini təqdim edirik:
Ana, sən mənim dövləti-mal xanimanım,
Ana, sən mənim ruhi-cavidanımsan!
Ana, sən mənim vari-mülküm, hər an var olma imkanımsan!
Ana, ruhum duyar hər halını, hər qayğını,
Gözümün nuru, canımda cansan, ana!
Bütün bəşərin özü-sözü ana,
Böyütdün bizləri çətinliklə yana-yana.
Bütün dünya mənim ola, unutmaram, səni ana.
Saçının ağına, qarasına qurbanam,
Dediyin hər sözünə, kəlmənə heyranam,
Ayağının altındakı cənnətində mən qulam!
Yaxşı əməlinlə xaniman qurdun,
İlahi qəlblərdə ucaldın ana,
Çəkdin nə çox dərdi-cəfamı,
Sən nə tez qocaldın, mehriban ana?!
Yeri-göyü yaradanın lütfü ana,
Dünyaya dünyanı gətirdin ana.
Səni sığdırmaq olarmı bütün cahana?!
Misradan-misraya əziz, can ana.
Sevginə, qayğına, himayənə, borcluyam.
Canıma can qatan ilahi varlıq
Sən haqdan var olan anasan ana!
Xatırladaq ki, Aydın Tağıyev Vətən müharibəsi zamanı şəxsi təşəbbüsü ilə iki layihənin rəhbəri və təşkilatçısı olub. Bunlardan biri ölkənin 20-yə yaxın tanınmış simalarının - dövlət, hökümət nümayəndələri, media nümayəndələri, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak etdiyi “Qarabağ həqiqətləri 1992-2020” layihəsidir. Digəri isə qələbəmizin şərəfinə yazılan və müəllif hüquqları şəxsinə məxsus "İlk Zəfər Marşı"dır. Bundan əlavə, müəllifin ötən ilin sonlarında "Vətən marşı" adlı başqa bir şeiri də mahnıya çevrilərək sənətkarlar tərəfindən ifa edilib.
Həmçinin, müstəqil araşdırmaçı jurnalist müəllifi olduğu və 10 dildə dünya mətbuatında yayımlanan məqalələrindən ibarət "Fədakarlar bir amalın uğrunda” kitabını Ümummilli lider Ulu öndər Heydər Əliyevə ithaf edib.
Qeyd edək ki, müəllifin "Vətən" layihəsi hazırda şəhid ailələri ilə davam edir və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
https://youtu.be/s_LImiTd8nk