Naxçıvanda ilk dəfə olaraq müavinətin təyin edilməsi və ödənilməsi proaktiv qaydada həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, DOST Rəqəmsal İnnovasiya Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna muxtar respublikada sığortaolunanlara ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsinin proaktiv qaydada (vətəndaş müraciəti olmadan) həyata keçirilməsinə funksionallıq verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən martın 1-dən həyata keçirilən proaktiv təyinat və ödəniş muxtar respublikada sosial sahədə bir ilkdir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət onu almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin ediləcək.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsinin və ödənilməsinin proaktiv qaydada həyata keçirilməsi sosial sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəlməsinə, vətəndaş məmnunluğuna təminat yaradacaq. Proaktiv qaydada müavinətin ödənilməsi yalnız o şəxslərə şamil olunur ki, onların Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki fərdi hesablarında son 1 il ərzində məcburi dövlət sosial sığorta haqqı qeydə alınsın. Bu xidmət vasitəsilə müavinətin təyin edilməsi və ödənilməsi 1 fevral 2023-cü il tarixdən sonra doğulan uşaqların analarına və ya atalarına şamil ediləcək. Uşağın doğum haqqında şəhadətnaməsi verildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Mərkəzi İnformasiya Sisteminə müvafiq məlumatlar ötürüləcək və buna uyğun olaraq Fond tərəfindən müavinətin ödənilməsi həyata keçiriləcək. Təyinat aparıldıqdan sonra müavinətin ödənilməsi və hansı bankdan götürülməsi barədə məlumat ödəniş rəsmiləşdirilmiş şəxsin adına olan telefon nömrəsinə bildiriş göndəriləcək (Vətəndaşın telefon nömrəsi avtomatik olaraq aid qurumların sistemlərindən götürüləcək).
Qeyd edək ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin mütəxəssisləri Fond tərəfindən ödənilən digər məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağa qulluğa görə və dəfn üçün müavinətlərin də elektron qaydada həyata keçirilməsi üçün müvafiq seminarlar keçirir. Yaxın aylarda da Fond tərəfindən ödənilən bütün növ müavinətlər sığortaedənlərin elektron qaydada təqdim etdiyi sənədlər əsasında ödəniləcək. Bu da muxtar respublikada sığortaolunan, sığortaedən və sığortaçı ilə fiziki təması məhdudlaşdıracaq, elektron və proaktiv təyinat prosesinə keçidi təmin edəcək.