Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
ANmedia.az xəbər verir ki, Türkmənistan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə aktiv şəkildə fəaliyyət göstərdiyini vurğuladı və bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd etdi. O, həmçinin pandemiyaya qarşı mübarizəyə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi diqqətin yetirildiyini vurğuladı.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirakına görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirdi, bu Zirvə görüşü əsnasında ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkanların da olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirdiyini qeyd etdi, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaqda olduğunu qeyd etdi. Ölkəmizin Hərəkatın beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın bu xüsusda bir sıra təşəbbüslərlə çıxış etdiyini dedi. Eyni zamanda, diqqətə çatdırdı ki, bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.
Ölkələrimiz arasında mövcud olan çox sıx siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanla Türkmənistanın enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malik olduqlarını qeyd etdi.
Dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
ANmedia.azın məlumatına görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.