"Bir neçə dəqiqə bundan əvvəl Zeynalabdin Tağıyevin abidəsinin açılışını qeyd etdik. Abidə metronun girişinə yaxın olduğuna görə insanlara problem yaratmamaq üçün mən əziz xalqımı bu münasibətlə buradan təbrik edirəm".
Anmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.
"Bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.
Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır.
Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü.
Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır.
Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar olmuşdur. İlk dəfə olaraq Qurani-Kərim Azərbaycan dilinə tərcümə edilmişdir. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun pulu hesabına məktəblər açılmışdır.
Yəni, onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir, bütün onun əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdır. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi", - Prezident vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin