Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Dil hər bir millətin varlığını ifadə edən, maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir. Dil ünsiyyət vasitəsidir. Dil milli şüurun və milli kimliyimizin formalaşmasında mühüm amillərdən biridir. Xalqımızın ən zəngin milli-mədəni irsi onun adət-ənənələri, mədəniyyəti, tarixi və dilidir. Bu əsasda formalaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü insanlara öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Bizim ana dilimiz vüqarımızdır, tariximiz, keçmişimiş, bu günümüz və gələcəyimizdir. Bu günə qədər tarixi reallıqlar deməyə əsas verir ki, çox ziddiyyətli yollar keçmiş Azərbaycan dili öz zənginliyini və saflığını qoruyub-saxlamışdır.