"Azərsu" ASC Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin içməli su təchizatını bərpa edib.Anmedia.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, bu işlər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemnin bərpası və yenidən qurulması çərçivəsində həyata keçirilir. Hər 2 yaşayış məntəqəsində vaxtilə subartezian quyuları qazılsa da, işğal dövründə yararsız hala salınıb, istismar edilməyib. “Azərsu” mütəxəssisləri həmin quyuların imkanlarını qiymətləndirib və təkrar istismara qaytarılmasına qərar verib. Bu məqsədlə quyuların hər birində yeni nasos və generator quraşdırılacaq. Quyu ərazisindən yaşayış məntəqələrinə müxtəlif diametrli polietilen borularla 3 km uzunluğunda magistral su xətti çəkilir. Artıq Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşan qəsəbəsində isə işlər başa çatmaq üzrədir. Ümumilikdə magistral su kəmərlərinin 90%-i inşa edilib.
Yeni inşa edilən su xətlərindən obyektlərin daxili sistemlərinə birləşmələr veriləcək. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində 8 ədəd siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
“Azərsu” Şuşa şəhəri, Hadrut qəzəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görüb, eyni zamanda həmin ərazilərdə fasiləsiz xidmət təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin