Kamran Əliyev Səudiyyə Ərəbistanında səfərdə olub.Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.
ANmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Öncə nümayəndə heyəti ölkəmizin Ər-Riyaddakı səfirliyinə gələrək ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib.Baş Prokurorluqda keçirilmiş görüşdə Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Əl Müacib azərbaycanlı həmkarını səmimi salamlayaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Ötən ilin may ayında ölkəmizdə səfərdə olarkən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbulunu və Şuşaya səfərini ehtiramla xatırladığını qeyd edib.
Şeyx Əl Müacib 27 yanvar tarixində ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, həlak olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Baş prokuror Kamran Əliyev səmimi qəbula və yüksək qonaqpərvərliyə görə səudiyyəli həmkarına minnətdarlığını ifadə edərək, dövlət başçıları cənab İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Salman bin Əbdüləziz Əl-Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman Əl-Saudun birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
Kamran Əliyev Tehrandakı səfirliyimizdə baş vermiş terror aktı ilə bağlı başsağlığına görə Səudiyyə Ərəbistanı hökumətinə və həmkarına təşəkkür edib, bu cinayətin İranın hüquq mühafizə orqanları tərəfindən hərtərəfli və obyektiv araşdırılağına və təqsirkar şəxslərin dairəsinin tam müəyyən edilərək layiqli cəza alacaqlarına ümidvar olduğunu bildirib.
Hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, trasnmilli cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb. İki ölkənin prokurorluq orqanları arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Nümayəndə heyətinin üzvləri Məkkə və Mədinə şəhərlərində həmkarları ilə görüşərək prokurorluğun fəaliyyəti ilə tanış olmuşlar.
Görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.