15 oktyabr 2022-ci ilin AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna Xocavənd rayonu Ərəkül (Xətai) kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi ilə bağlı məlumat daxil olub.
ANmedia.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan bildirilib.
Qeyd olunub ki, məlumatı ərazidə fəaliyyət göstərən “Caspian Geomatic” MMC-nin əmakdaşları tərəfindən verilmişdir. İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının əməkdaşı Vüsal Həsənov aidiyyatı qurumların nümayəndələri ilə bərabər əraziyə baxış keçirmişdir. Aşkar edilmiş insan qalıqları Xocavənd rayonunun Ərəkül kəndinin şimalında, təbii təpəliklərin üzərində yerləşir. İnsan qalıqları Ərəkül kəndi ilə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkar edilmişdir.
Qeyd edək ki, torpaq yolun çəkilişi zamanı təpə üzərində olan məzarlıq ərazisi iki hissəyə bölünmüşdür. Yolun üzərinə düşən qəbirlər zamanında dağıdılmışdır. Qəbirstanlığın üst torpaq səviyyəsi yoldan ortalama 3-4 metr yüksəklikdə yerləşir. Yolun hər iki kənarında, qərb-şərq istiqamətində ən az beş qəbir kamerasını divar kəsiyindən izləmək mümkündür. Su axıntılarından baş verən sürüşmə nəticəsində qəbir kameraları bir hissəsi tam, digərləri qismən dağılmışdır.
Qəbirstanlığın dövrünü və dəfn adət-ayinlərini müəyyən etmək məqsədi ilə divarda izlənən qəbirlərdən biri arxeoloq tərəfindən açılmışdır. Məlum olmuşdur ki, sürüşmə prosesində skeletin kəllə sümüyü itirilsə də, digər sümüklər anatomik şəklini qorumuşdu. Yaşlı insana aid olan qəbirdə dəfn islam qaydalarına uyğun həyata keçirilmişdir. Qəbr mövcud torpaq səviyyəsindən 2.10 m. dərinlikdə yerləşir.
Arxeoloq-antropoloq Vüsal Həsənov tərəfindən skeletlərin ilkin müayinəsi zamanı, məzarlığın Orta əsrlərə (XIII-XV) aid olduğu müəyyən edilmişdir.
Qeyd edək ki, qəbirlərin heç birində yerüstü əlamətlər müşahidə edilmirdi. Kamera indiki torpaq səviyyəsindən 40-50 sm aşağıda yerləşir. Bu da onu deməyə əsas verir ki, uzun zaman ərzində təpəliklərdən gələn axıntılar yeni torpaq qatı formalaşdırmışdır. Qəbirlərdə yerüstü əlamətlərin olmaması səbəbindən, bu məzarlar diqqətdən kənarda qalmışdır.
Xatırladaq ki, Ərəkül kəndində ermənilərə məxsus qəbirsanlıq XIX-XX əsrlərə aiddir. Bu, onların yuxarıda qeyd edildiyi kimi, XIX əsrin 40-cı illərində burada məskunlaşdırılması ilə bağlıdır. Əldə edilmiş dəlillər müsəlman əhalinin bu ərazidə ermənilərdən çox-çox əvvəl yaşadığını sübuta yetirir.