Şanxay Əməkdaşlıq Təşkilatı ilə birgə virtual qaydada “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri – qarşılıqlı bağlılıq və birgə əməkdaşlıq üçün əsas” adlı konfrans keçirilib.
ANmedia.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trende verilən məlumata istinadən bildirir ki, Azərbaycanın ev sahibliyi etdiyi konfransda Avrasiya regionunun sosial-iqtisadi inkişafında nəqliyyat dəhlizlərinin rolu, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər və digər ölkələr arasında nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rusiya və Türkiyə təmsilçiləri, həmçinin TRASEKA Hökumətlərarası Komissiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının nümayəndələri çıxış ediblər.
Konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi gündəliyimizdə prioritet məsələdir və son on ildə regionda dayanıqlı nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün böyük səylər göstərilib.
Nazir müavini əlavə edib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında xüsusi rol oynayır. Bu gün Azərbaycanda yüklərin istər Şimal, Cənub, istərsə də Şərq, Qərb istiqamətləri üzrə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin