Milli Məclis doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ANmedia.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin.
Spiker deyib ki, Prezident İlham Əliyev vətənə dərin məhəbbət, səmimilik, sadəlik kimi yüksək mənəvi keyfiyyətlərə malikdir: “Prezident İlham Əliyevin siyasi diplomatik və sərkərdəlik məharəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişafı tarixində yeni mərhələ açıb və Cənubi Qafqazda siyasi reallığı dəyişib. Ölkəmizin xoşbəxt gələcəyi bu gün İlham Əliyevin davam etdirdiyi quruculuq siyasəti ilə bağlıdır. Əminəm ki, Azərbaycan dünyanın sayılıb-seçilib ölkələri arasında öz yerini möhkəmləndirəcək. Təklif edirəm ki, doğum günü münasibətilə Prezidentimizə təbrik məktubu ünvanlayaq”.Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.