“Azərbaycanın tətbiq etdiyi “ASAN xidmət” modeli insanların həyatını yaxşılaşdırır, dövlət xidmətlərini daha əlçatan edir və inanıram ki, Azərbaycanın təcrübəsindən digər dövlətlər də yararlanacaq”.
ANmedia.az xəbər verir ki, bunu BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNITAR) icraçı direktoru Nihil Set Bakıda keçirilən, “ASAN xidmət”in 10 illiyinə həsr olunmuş “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forumda deyib.
Onun sözlərinə görə, “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” yalnız sıx əməkdaşlıq yolu ilə həyata keçirilə bilər.
İcraçı direktor bildirib ki, UNITAR rəqəmsallaşmanı təşviq edir: “Bu, həm də inklüziv inkişafın bir hissəsidir, çünki hər kəs resurslara və xidmətlərə çıxış imkanına malik olmalıdır. Bunlar hazırda gündəmdə olan məsələdir”.