Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin monitorinqini davam etdirir”.
ANmedia.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, monitorinqlər “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq aparılır.
Vurğulanıb ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 411 tarix-mədəniyyət abidəsinə baxış keçirilib: “Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 178 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Monitorinqlər nəticəsində baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib.
Tapşırıqlara uyğun olaraq Dövlət Xidməti əməkdaşları və mütəxəssisləri ilə birgə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən müvəqqəti Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətində olan məntəqələrdə yerləşən tarixi abidələrin monitorinqini keçirtməyə hazırdır.