Pərviz Heydərov yazır...
Yeni il ərəfəsində qiymətlərin, xüsusən də ərzaq məhsullarının bahalaşması gözlənilirmi?
Hazırda bu sual birmənalı cavab gözləyir. Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq qiymətlərinin artması səbəblərini açıqlayarkən qeyd edib ki, qlobal təchizat zəncirində qırılmalar müşahidə edildiyindən bu, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb.
“Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. Azərbaycanda il ərzində 13,8% inflyasiya qeydə alınıb, bunun da 60 faizi ərzaq inflyasiyasının payına düşüb”, - deyə, hökumət rəhbəri əlavə edib.
Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, ölkədə istehlak qiymətləri indeksinin ötən ilin eyni dövrü ilə müqayisədə 14%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 20%, qeyri-ərzaq sarıdan 8%, əhaliyə göstərilən ödənişli xidmətlər sferasında isə 11% təşkil etdiyi qeydə alınıb. Proses noyabr ayı ərzində də davam edib. Ümumiyyətlə, bu il bahalaşma ili oldu. Əsas səbəb də qlobal tendensiya sayılır.
O ki qaldı bayramlar ərəfəsində ölkədə qiymətlərin qalxmasına, qeyd etmək lazımdır ki, bu, ənənə xarakteri daşıyır. Bu, daha çox ərzaq məhsullarına aiddir. Belə ki, hər bayram ərəfəsində müxtəlif yarmarkalar, satış sərgiləri təşkil edilsə də, qiymət artımının qarşısının alına bilmədiyi görünüb. Bu da təbiidir, ona görə ki, bayramlar ərəfəsində tələb artır və bu da təklifi həyata keçirənlər üçün əlavə fürsətlər yaradır. Nəticədə, hətta süni bahalaşma da belə qaçılmaz olur. Odur ki, qarşıdan gələn yeni il ərəfəsində də müəyyən qiymətlərdə artımların olacağı qaçılmaz görünür. Məsələn, hazırda düyü ümumiyyətlə bahadır, Pakistandan idxal olunan düyüyə dair gömrük rüsumunun götürüləcəyinə rəğmən, yenə bu məhsul üzrə qiymət artımına meyil var. Həmçinin, ət, yağ və digər məhsullarda da eyni tendensiya müşahidə edilir.
Yəni, bahalaşma prosesi onsuz da səngiməyib və bunun bir az da sürət əldə etməsi üçün yeni il ərəfəsi bir fürsətdir. Əsas odur, ümumi bahalaşma tendensiyası dayansın. Bu da qlobal vəziyyətdən asılıdır. Ümumi qiymət yüksəlişi dayanmasa, istənilən xırda inhisarçı xarakterli sahələr üzrə qiymət artımı və inflyasiya prosesi əlavə sürət əldə etmək üçün bəhanə axtarmaqdadır. Bu, normal hal deyil. Hələ indidən pusquda duranlar var ki, yanvardan pensiya və maaşlar, o cümlədən bir sıra sosial ödənişlər artırılacaq. Təkrar edirəm, rəsmi olaraq inflyasiyanın səviyyəsi 14%-in üstündə, ərzaq üzrə isə 20%-dən çox təşkil edir və yeni il ərəfəsində istehlak qiymətlərində yüksəlmə ənənəvi xarakteri daşıyır.
Odur ki, bahalaşmanın özünü önləmək lazımdır. Hökumət inflyasiya prosesi ilə mübarizə aparmaq üçün cari ilin əvvəlindən “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlamışdı. Bu plan lazımi səviyyədə istənilən nəticəni vermədi. Ona görə ki, antinflyasiya tədbirləri ölkədə ilk növbədə pul-kredit siyasəti alətinin çevik təsirə və idarəetməyə malik olması ilə qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək imkanı yaratmaqla, özünü bəzi növ idxal ərzaq məhsulları üzrə müvafiq güzəştlərə gedilməsi, yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaranmasında göstərməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin