İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə “EnterpriseAzerbaijan.com” portalının rəhbəri Mətanət Musayeva, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov və “Alma Consulting” şirkətinin direktoru Habil Əhmədov, qarşı tərəfdən isə Agentliyin Beynəlxalq Əlaqələr və Layihələr departamentinin müdiri Hacı Əliyev və Layihələrin idarə olunması şöbəsinin müdiri Taleh Hüseynov iştirak ediblər.
Qeyd edək ki, “Enterprise Azerbaijan” portalı və Dövlət Məşğulluq Agentliyi arasında startaplara dəstək istiqamətində əməkdaşlıq üçün qarşılıqlı razılıq əldə olunub. Həmin razılığa əsasən, Dövlət Məşğulluq Agentliyi “Özünüməşğulluq proqramı” çərçivəsində “Enterprise Azerbaijan” portalına müraciət edən startaplar arasından ən uğurlu hesab edilən üç layihəni dəstəkləyib və onlara aktivlər təqdim edib.
“Enterprise Azerbaijan” və “Azexport” portallarının təşkilatçılığı ilə keçirilən növbəti görüşdə Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinə dəstək alan “İnterno”, “Bonpini”, “HealWith” startap layihələri təqdim edilib. Hər bir layihə barədə təqdimat hazırlanıb və hesabat təqdim edilib. Həmçinin onların hazırkı vəziyyətləri və imkanları təhlil olunub, gələcək perspektivləri müzakirə edilib. Eləcə də, “Enterprise Azerbaijan” və DMA tərəfindən bu layihələrin gələcək inkişafları üçün hər iki qurum tərəfindən dəstək göstəriləcəyi vurğulanıb.
Tərəflər arasında bu formatda olan layihələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb, eyni zamanda hər iki qurum arasında əməkdaşlıqlar və perspektivlər müzakirə olunub.
Qonaqlar, həmçinin “Enterprise Azerbaijan” portalının İnkubasiya və Akselerasiya akvariumunu ziyarət ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin