Meksikanın ən çox oxunan çap mediasında olan “El Universal” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun Meksikaya səfəri zamanı yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında söylədikləri ilə bağlı məqalə dərc olunub.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.
Məqalədə E.Əmirbəyovun sözlərinə istinad edilərək, Azərbaycanın regionda sülhün bərqərar olması prosesində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənmməsi, habelə sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə çoxtərəfli forumlarda seçilən ölkə kimi Meksikanın dəstəyinin önəmli olduğu vurğulanır.
Məqalədə həmçinin, Azərbaycan hökumətinin Ermənistana bu ölkəni iqtisadi böhrandan çıxara biləcək, Avropa ilə ticarət, enerji və nəqliyyat kommunikasiyalarından faydalana biləcəyi, regionda hamı üçün əlverişli olan strategiya təklif etdiyi bildirilir. Bunun üçün isə Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Ermənistanın baş naziri N.Paşinyan qarşılıqlı inamsızlıq səbəbindən çətin olan bu prosesdə səmimiyyət nümayiş etdirərək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin açılmasının təmin olunmasına maneələr yaratmamalıdır.
Sonda E.Əmirbəyovun sözlərinə istinad edilərək, seçici kütləsinin təxminən 2%-ni təşkil edən erməni diasporu tərəfindən təhrik edilən və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Fransanın artıq bu prosesdə vasitəçi rolunun mümkün olmadığı qeyd olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin