Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyevin müəllifi olduğu “Vətən” şeirinə musiqi bəstələnib.
ANmedia.az xəbər verir ki, “Vətən marşı” adlanan bəstə üçün klip də ərsəyə gətirilib. Klipin ssenarisi və sözləri Aydın Tağıyevə, əsərin bəstəkarı və musiqi prodüsseri Camal Qurbanova məxsusdur. Musiqi əsərini Xalq artisti Alim Qasımov, Əməkdar artist Şölə Səfərəliyeva və tanınmış müğənnilər Amina Şirinova, Cavidan Fatehi, Anar Əhmədli, Tofiq Hacıyev və Murad Laçınlı ifa ediblər. Şeiri isə Aktyor Vüsal Murtuzəliyev səsləndirib. Klipin istehsalı "Kingstar Production" və "Lua Media" şirkətlərinə məxsusdur. Rejissoru isə Ramal Nəsiblidir.
Eyni zamanda klipdə tarda Samir Səlimov, kamançada Pərviz Əliyev, zərb alətlərində Vəfadar Ramiz, bass gitarada Hüseyn Əliyev, fon vokalda "Lua Family" ifa edirlər.
Qeyd edək ki, “Vətən Marşı” şeiri bir neçə ay öncə aktyorlar tərəfindən də səsləndirilib.
Müəllifin sözügedən şeirini təqdim edirik:
“Vətən” şeiri
Söylə qardaş, Vətən nədir?
Üç rənglinin dalğasında məğrur duran igid torpaq!
Bu torpağın dərdi nədir?
Bağrı qanlı, şəhid oğlu Qarabağ!
Bu diyarın qızıl səsi haradır?
Qalib torpaq, xan qalası Şuşadır!
Nağıl kimi xoşbəxt şəhər, qədim diyar haradadır?
Yerlə-yeksan olmuş Ağdam indi xəyallardadır!
Bu diyarın köksündə canı haradır?
Ağrı dağdan boylanan, Zəngəzura meylin salan, qədim diyar Naxçıvan!
Vətənimin bədənindən bir əsirlik ayrı düşən canı kim?
Arazın sağ tərəfində gözü yolda Təbrizimdir, Təbrizim!
Bu millətin sağalmaz yarası varmı?
Var! Viranə Xocalı, günahsız körpələr, yazıq qocalar,
Haqqın gözü sənin üçün bir ömür ağlar!
Göy üzündə qarlı dağlar haradır?
Ay Laçındır, Böyük Murov, can Kəlbəcər, çılğın, cavan Dəlidağ!
Ana Vətən övladıdır bu dağlar!
Bizdən qopan tarixin gözün oyan, haqları kor qoyan səhv hansıdır?
O İrəvan, eh İrəvan köksündə yan, dönəcəkdir Azərbaycan!
Qədim paytaxt, məğrur şəhər haradır?
O Gəncədir, Cavad xandan yadigar!
Odlar yurdu, baxan gözün haradır?
Xəzərin qoynundakı əziz şəhərdir Bakı!
Aydın!
Bu torpaqlar Vətən üçün can deməkdir!
Yaşlanıb ölmək üçün arzu-kam deməkdir!
Üç rənglinin günəşi Azərbaycan deməkdir!
Xatırladaq ki, bu şeir müəllifin vətənpərvərlik mövzusunda yazdığı ikinci şeiridir. Bundan əvvəl, Aydın Tağıyev Vətən müharibəsi zamanı şəxsi təşəbbüsü ilə iki layihənin rəhbəri və təşkilatçısı olub. Bunlardan biri ölkənin 20-yə yaxın tanınmış simalarının - dövlət, hökümət nümayəndələri, media nümayəndələri, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak etdiyi “Qarabağ həqiqətləri 1992-2020” layihəsidir. Digəri isə qələbəmizin şərəfinə yazılan və müəllif hüquqları müəllifə məxsus "İlk Zəfər Marşı"dır.
Həmçinin, müstəqil araşdırmaçı jurnalist müəllifi olduğu və 10 dildə dünya mətbuatında yayımlanan məqalələrindən ibarət "Fədakarlar bir amalın uğrunda” kitabını Ümummilli lider Ulu öndər Heydər Əliyevə ithaf edib.
Qeyd edək ki, müəllifin "Vətən" layihəsi hazırda şəhid ailələri ilə davam edir və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin