Azərbaycanın turizm potensialı Özbəkistanda keçirilən “Daşkənd Beynəlxalq Turizm Sərgisi”ndə (“TİTF 2022”) təbliğ olunur.
ANmedia.az bildirir ki, bu barədə Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Məlumata görə, Agentliyin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə ölkəmizin turizm imkanları, xüsusilə müalicəvi və sağlamlıq turizm potensialı nümayiş olunur.
“İpək Yolu turizmi” mövzusuna həsr edilmiş sərginin ilk günündə baş tutmuş plenar sessiya zamanı Agentlik sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın turizm sahəsindəki bu günə qədər olan təcrübələr və gələcək planlar haqqında təqdimatla çıxış edib.
Sabah başa çatacaq sərgidə Özbəkistandan olan turizm şirkətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün B2B (Biznesdən biznesə) görüşlər təşkil olunur, Azərbaycanın turizm məhsulları, müalicəvi kurortlar və hotellər haqqında məlumat verilir.
Bu ilin yanvar-sentyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artıb.