Ölkəmizdə korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası istiqamətində görülən işlər çərçivəsində bu sahədə fəaliyyət göstərən prokurorluq əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün ardıcıl tədbirlər görülməkdədir.
ANmedia.az bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qeyd edilən sahədə beynəlxalq təcrübənin mühüm əhəmiyyəti nəzərə alınmaqla, cari ilin 22-23 noyabr tarixlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) məsul nümayəndəsi Vladimir Kozin və maliyyə cinayətlərinin araşdırılması üzrə ixtisaslaşmış xarici ekspert Conatan Bentman tərəfindən “Maliyyə cinayətlərinin araşdırması” mövzusunda praktiki təlim sessiyası keçirilib.
Azərbaycan Respublikası Prokurorluğunun struktur və tabe qurumlarının əməkdaşlarının dinləyici qismində iştirak etdiyi interaktiv tədris metodu üzərində qurulmuş təlimdə ekspertlər tərəfindən paralel maliyyə araşdırmaları, əmlakın bərpası sahəsində formal və qeyri-formal əməkdaşlıq mexanizmləri, ayrı-ayrı yurisdiksiyalara məxsus qurumlar tərəfindən istintaqın aparılması strategiyası, habelə koordinasiyası və qarşılıqlı izlənilməsi kimi mövzular üzrə əhatəli təqdimatlar həyata keçirilib. Bununla yanaşı, təlim mövzusunun mənimsənilməsi vəziyyətinin ölçülməsi məqsədi ilə iştirakçılara bir sıra praktiki tapşırıqlar verilməklə, təcrübədə qarşıya çıxan mürəkkəb xarakterli məsələlərə dair suallar cavablandırılıb.
Xarici nümayəndələrin ölkəmizə səfəri çərçivəsində həmçinin, onlarla Azərbaycan Prokurorluğunun bir sıra struktur qurumlarının rəhbər vəzifəli şəxsləri arasında ikitərəfli görüş keçirilmiş, qarşılıqlı fikir mübadiləsi formatında baş tutan görüşdə birgə əməkdaşlığa dair məsələlərin gələcək istiqamətləri müzakirə olunmaqla, aktivlərin bərpası sahəsində ölkəmizdə həyata keçirilən sistemli islahatlara UNODC-un dəstəyi ifadə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin