Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.
Dövlət başçısı Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə ümummilli lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər kəsiminin YAP-ın sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs etdi.
Təbii ki, Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün çətin tarixi dövrdə yaranması heç kim üçün sirr deyil. Keçən 30 il ərzində partiyanın bugünkü inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeydə edə bilərik. Partiya sıralarında bütün kateqoriyadan olan insanların təmsil olunması isə onu deməyə əsas verir ki, YAP xalqın partiyasıdır.
Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirmək lazımdır. Həmin vaxtlarda müstəqilliyimizin bərpasından bir il ötürdü və ölkəmiz çətin günlər yaşayırdı. Təəssüflər olsun ki, həmin illərdə xalqımız böyük faciələr də yaşadı. Belə bir vəziyyətdə Azərbaycanın vətənpərvər və ziyalı insanları nicat yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Həmin şəxslər buna görə Ulu öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 550 nümayəndənin iştirakı və burada qəbul olunan tarixi qərarlar ölkəmizin həyatında yeni səhifənin açılmasına gətirib çıxardı. Bu mühüm addımın atılmasından 7 ay sonra YAP iqtidar partiyasına çevrildi. Artıq 1993-cü ildən etibarən Azərbaycan üçün buludlu günlər arxada qaldı və sözün əsl mənasında yenidənqurma və inkişaf dövrü başlandı.
Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və idarəetmə prinsiplərinə söykənərək müstəqil dövlətimizin qurulması yolunda çoxşaxəli fəaliyyət göstərib. Bu gün Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.
Çıxışı zamanı dövlət başçısı Azərbaycanın bu illər ərzində böyük inkişaf yolu keçdiyini hər bir sahədə təcrübəsinin nümunə olduğunu, sözü ilə imzası arasında fərqin olmadığını bildirdi. Eyni zamanda, dövlət başçısı bu uğurlarla bərabər bu gün hələ də görüləsi işlərin çox olmasını qeyd etdi. Prezidentin də vurğuladığı kimi iqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə, bütün bunlar gündəlikdə duran məsələlərdir. Xüsusən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin tam sürətlə aparılması üçün güclü iqtisadiyyatın vacibliyini də qeyd etdi.
Əgər biz son 19 ilə nəzər salsaq, görərik ki, Ulu öndərin bütün tapşırıqları, tövsiyələri yerinə yetirildi. Bu illər ərzində Azərbaycan gücləndi, Ordumuz yenidən təşkil edildi. Nəticədə 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun mütləq qələbəsi ilə yekunlaşdı. Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Ulu öndər Heydər Əliyevin sonuncu vəsiyyətinin də yerinə yetirilməsi demək idi.
Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıdığını bir daha təsdiqləyir. Bu böyük ailə hər zaman siyasi güc olara Prezident İlah Əliyevin ətrafında sıx birləşib.
Dövlət başçısının çıxışında söylədiyi kimi: “YAP, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
Hər bir siyası partiyanın gücü onun təbliğ etdiyi ideologiyasında, xalqın inamını qazanmasındadır. Eyni zamanda, partiyanın gücü parlaq qələbələr əldə etməsindədir. Bu baxımdan siyasi proseslərdə liderlik bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək. Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli tarixi yol əbədi olacaq və partiya ölkəmizin qüdrətinin daha da artırılmasına, inkişafına xidmət edəcək!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü,
Müstəqil araşdırmaçı jurnalist.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin