Zəngin və keşməkeşli tarixi yol keçən Ədliyyə Nazirliyinin yaranmasından 104 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Azərbaycan ədliyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizlə bərabər inkişaf edir, mütərəqqi məhkəmə-hüquq islahatları aparılmaqla təkmilləşir.
Bayram ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir qrup ədliyyə işçisinin ali xüsusi rütbələrə və dövlət təltiflərinə layiq görülməsi ölkə başçısının ədliyyə sisteminə göstərdiyi yüksək etimadın və qayğının növbəti əyani təzahürü olmaqla dərin minnətdarlıq hissi ilə qarşılanıb.
Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin kütləvi informasiya vasitələrində geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.
Bayramla əlaqədar nazirlikdə və struktur qurumlarda silsilə tədbirlər təşkil olunub, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına, habelə Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə baş çəkilib. Qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurularaq uğur qazanmış namizədlər peşə fəaliyyəti ilə bağlı icbari təlimə buraxılıb, stajorların sınaq müddəti ilə təyinatı aparılıb, bir qrup işçilər rəhbər vəzifələrə irəli çəkilib.
Noyabrın 22-də Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin rəhbərliyi, ədliyyə işçiləri və hakimlər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında qəhrəman övladlarımızın əziz xatirəsi anılıb.
Sonra nazirlikdə peşə bayramına həsr olunan təntənəli yığıncaq keçirilib. Tədbirdən əvvəl əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.
Bayram tədbirində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, nazirliyin kollektivi, o cümlədən gənc ədliyyə işçiləri və könüllüləri, ədliyyə veteranları, Vətən müharibəsi iştirakçıları və şəhid ədliyyə işçisi Ruhin Xəlilovun həyat yoldaşı, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.
Mərasimdə bir əsrdən artıq tarixi olan Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs olunub, bayram münasibətilə hazırlanmış ədliyyənin builki fəaliyyətinə dair qısametrajlı film nümayiş etdirilib.
Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edən nazir artıq üçüncü ildir bu bayramın ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq zəfərimizin bizlərə yaşatdığı yüksək qürur və sevinc hissi ilə qeyd olunduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamıza rəhbərliyinin bütün dövrlərində Azərbaycan ədliyyəsinə qayğısından bəhs edib. Bildirib ki, dahi öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.
Nazir Ümummilli Liderin yolu ilə gedən ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə uğurla inkişaf etdiyini, hərtərəfli davamlı tərəqqisinin və ərazi bütövlüyümüzün təmin edildiyini vurğulayıb. Dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aktiv iştirakı ilə doğma torpaqlarımızın sürətli bərpasını, soydaşlarımızın artıq öz dədə-baba yurdlarına dönməsini qeyd edərək ölkə Prezidentinin noyabrın 16-da təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramının bu sahədə mühüm “yol xəritəsi" olduğunu bildirib.
Eyni zamanda, respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq ədliyyə və məhkəmə sahəsində aparılan islahatlardan və tətbiq olunan yeniliklərdən danışılıb, azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, innovativ metodlar tətbiq olunmaqla ədliyyə xidmətlərinə əlçatanlığının təmin olunması ilə bağlı görülən tədbirlər qeyd edilib .
Ali Məhkəmənin sədri R.Rzayev Böyük Qələbəmizin ildönümü ərəfəsində qeyd olunan ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrikini çatdırıb, ədliyyə orqanlarının şərəfli yol keçərək dövlət idarəçiliyində rolunu, qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm fəaliyyətini, nazirlik tərəfindən məhkəmələrin maddi-texniki bazasının, infrastrukturunun müasirəşdirilməsi ilə bağlı görülən tədbirləri xüsusi vurğulayıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ədliyyə işçilərinin peşə bayramı gününün dövlət bayramları, xüsusilə Zəfər Günü ilə əlamətdar olmaqla qeyd olunduğunu bildirib, ədliyyə və məhkəmə işçilərinin Vətən müharibəsində iştirakından, vətənpərvərliyindən bəhs edib, ədliyyə orqanlarının müasir çağırışlara uyğun uğurlu fəaliyyətini vurğulayıb.
Vətəndaş cəmiyyətinin nümayəndələri Rauf Zeyni, Əliməmməd Nuriyev və Sahib Məmmədov çıxış edərək nazirliyin ölkədə ictimai iştirakçılığı ilk təmin edən qurum olaraq ictimaiyyət üçün daim açıqlığını, şəffaf fəaliyyətini vurğulayaraq vətəndaş cəmiyyəti institutları ilə nümunəvi əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıblar.
Çıxış edən gənc ədliyyə işçisi və digərləri ədliyyə sistemində dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərə hər zaman xüsusi qayğı ilə yanaşılmasından söz açıblar.
Ədliyyə işçiləri Ulu Öndərin dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarından əminliklərini ifadə ediblər.
Bayramla əlaqədar ənənəvi qanvermə və ağacəkmə aksiyaları, kütləvi idman və intellektual oyunlar keçirilib, görkəmli oftalmoloq-alim, gələn il anadan olmasının 100-cü ildönümünü qeyd edəcəyimiz akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin təcrübəli həkim heyəti tərəfindən nazirlikdə ədliyyə işçilərinin səyyar oftalmoloji müayinəsi aparılıb.
Nazirlikdə və struktur qurumlarda bu əlamətdar günə həsr olunan filmlər, foto və video-slaydlar nümayiş etdirilib, internet saytda və sosial media səhifələrində çoxsaylı paylaşımlar edilib.
Mənbə: justice.gov.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin