Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdən ötrü, habelə həmin ərazinin yerli icra hakimiyyəti orqanları öz funksiyalarını lazımınca yerinə yetirmədikdə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən müddətə yaradılan xüsusi idarəetmə orqanıdır.
ANmedia.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə görə, müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin aktlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir.Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyət istiqamətləri aşağıdakılardır:
- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinin həyata keçirilməsinə nəzarət etmək və bu işləri əlaqələndirmək;
- yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərini həyata keçirmək;
- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının işinə ümumi rəhbərliyi həyata keçirmək;
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvəqqəti xüsusi idarəetmə orqanı aşağıdakı vəzifələri yerinə yetirir:
- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görmək;
- fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasına nəzarət etmək;
- yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;
- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyətinə nəzarət etmək;
- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinə cəlb olunmuş dövlət orqanlarının (qurumlarının), həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;
- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə dövlət mühafizəsi altında olan obyektlərin və həyat əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirləri planlaşdırmaq və həyata keçirmək;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq səlahiyyətlər verildiyi halda, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək;
- Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Müvəqqəti xüsusi idarəetmə orqanının hüquqları sırasına fövqəladə vəziyyətin tətbiqinə səbəb olan halların aradan qaldırılması üzrə fəaliyyətə dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin mütəxəssislərini qanunla müəyyən edilmiş hədlər çərçivəsində cəlb etmək daxil edilib.
Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şərait nəzərə alınmaqla, aidiyyəti dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və (və ya) digər qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılır. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı müvəqqəti xüsusi idarəetmə orqanının rəhbərinə tabe olmaqla vəzifəsinə görə onun birinci müavini olur. Digər müavinlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Müvəqqəti xüsusi idarəetmə orqanının strukturu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddi fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır.
Müvəqqəti xüsusi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı yaradıldığı halda müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır. Müvəqqəti xüsusi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar müvəqqəti xüsusi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin