“Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayırlar”.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇“Report”a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın dar günündə, xoş günündə həmişə qardaş olaraq yanında olan Türkiyədə bu gün tarixi gündür:
“Respublika günü hər bir dövlətdə olduğu kimi Türkiyə üçün də əhəmiyyətli tarixdir. Bu münasibətlə mən də qardaş Türkiyə xalqını təbrik edirəm. Həqiqətən də Türkiyə Cümhuriyyəti istər XX əsr, istərsə də XXI əsrdə həmişə Azərbaycan xalqının yanında olub. Bunun ən bariz nümunəsini də biz 44 günlük Vətən müharibəsində gördük”.
Deputat bildirib ki, tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayırlar:
“Bu birlik isə özündə inkişaf və sabitliyi ehtiva edir. 44 günlük Vətən müharibəsi və ondan sonra baş verənlər də birliyimizin əbədi olduğunun növbəti təsdiqidir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu bizə əlavə güc verirdi, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını alırdı”.
“Ərdoğan həmçinin Füzuli və Zəngilan hava limanlarının açılışında da iştirak etdi. Həmin tarixi Zəfərimizdən sonra azad Şuşaya reallaşan səfər, həmçinin Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bir daha iki ölkə arasında əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu”.
“Eyni zamanda qeyd etdiyim kimi, Füzuli və Zəngilan hava limanlarının açılışında da Ərdoğan iştirak etdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Yəni bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Ərdoğanın Zəngilana səfəri çərçivəsində istifadəyə verilən “Dost Aqropark”ın adı da özlüyündə hər şeyi deyir. Bu Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha bir nümunəsidir. Onu da deyim ki, Türkiyə şirkətləri bölgədəki inşaat işlərində də fəal şəkildə iştirak edirlər. Eyni zamanda Zəngilan Beynəlxalq Hava Limanının inşasında da qardaş ölkənin şirkətləri yaxından iştirak ediblər. Bütün bunlar isə Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha təsdiqləyir”, - deputat söyləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin