ANmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib. Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin