Telefon, kompüter, televizor, noutbuk və s. bu kimi texnoloji məhsullar istehsal edən qlobal şirkətlər son illər bazara daha tez-tez yeni məhsullarla çıxırlar. Yeni məhsulların gəlişi dünyanın dörd bir yanında səbirsizliklə gözlənilir, həmin gün gəlir, böyük təqdimat olur, reklam aparılır. Ancaq məhsullar təqdim ediləndən sonra belə fikirlər çox olur: “Xüsusi texnoloji dəyişiklik yoxdur, əvvəlkindən yalnız dizayn fərqi var”, “Yeni məhsullarda təəccübləndirən ancaq qiymətdir, başqa heç nə” və sairə.
Bu kimi fikirləri yaradan səbəb nədir? Ümumiyyətlə, qlobal şirkətlərin yeni məhsul təqdim etməklə bağlı yanaşmaları necədir? Hər yeni məhsuldan böyük texnoloji dəyişiklik gözləməliyik?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Telekommunikasiya üzrə mütəxəssis Vüsal Süleymanov bildirib ki, texnoloji şirkətlərin daha tez-tez yeni məhsullarla bazara çıxmasının əsas səbəbi texnoloji inkişafdır:
“1, 2 və 3-cü sənaye inqilabları arasında 100 il vaxt keçib. 3-cü sənaye inqilabında elektronlaşma inkişaf edəndən sonra 4-cü sənaye inqilabına keçid 40 il çəkdi. 20 il keçdikdən sonra isə 5-ci sənaye inqilabından danışılır. Texnologiya ildırım sürətilə inkişaf edir, şirkətlər də bu inkişafla ayaqlaşmağa çalışırlar. Mobil texnologiyadan danışsaq, 10 il bundan öncə 4-cü nəsil texnologiyaları ilə işləyən smartfonlar 5-ci nəslin gəlməsi ilə bağlı nəinki yenilənməyə - daha tez-tez yenilənməyə məhkumdur. Yaxud 10 il öncəki televizorlar “wi-fi”ya qoşulmurdu. İndi ağıllı televizorlar var, funksiyaları həddindən artıq çoxalıb. Kompüterlə TV-lər bir-birinə inteqrasiya olunur. Avtomobil istehsalçıları da həmçinin, modelləri daha tez-tez yeniləyirlər. Noutbuklar, kompüterlər da həmçinin, tez-tez yenilənir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin