Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla regionda nəqliyyat kommunikasiyalarının açılması məsələlərini, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivlərini və digər məsələləri müzakirə edib.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.
“Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün birgə səyləri müzakirə ediblər, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına hərtərəfli əməl etməyə sadiqliklərini bir daha təsdiq ediblər. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işi, ictimaiyyət nümayəndələri və üç ölkənin ekspertləri arasında dialoq məsələlərinə əsaslı baxış keçirilib”, - deyə məlumatda bildirilib.
Həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların gedişinə xüsusi diqqət ayrılıb.
Sonda yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi razılaşdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin