Prezident İlham Əliyev təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
ANmedia.az xəbər verir ki, Sərəncamda əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılıb.
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.
2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Komissiya:
4.1. təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, bu obyektlərdə baş verə biləcək qəzaların qarşısının alınması ilə bağlı mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanmasını, bu sahədə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin etsin;
4.2. Komissiyanın üzvü olan dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətlərinə aid sahələrdə həmin dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən və aşağıdakı funksiyaları yerinə yetirən işçi qrupların yaradılmasını və fəaliyyətini təmin etsin:
4.2.1. müvafiq dövlət orqanları (qurumları) tərəfindən təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi üzrə təkliflər hazırlanması;
4.2.2. dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətləri üzrə müvafiq texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətinin əlaqələndirilməsi;
4.2.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquq aktların təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin