“Delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışı zamanı deyib.
“İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.
Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz.
Sentyabrın 13-də biz yenə də şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah şəhidlərimizin yaxınlarına səbir versin. Amma onlar bilməlidirlər ki, şəhidlər Vətən uğrunda şəhadətə yüksəliblər. Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik”, - dövlət başçısı qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin