𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 APA-ya istinadən xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yola düşüblər.
Yolboyu qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, habelə ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivləri barədə ətralı məlumat verilir, mədəniyyət sahəsində gəlirliliyin artırılması imkanları müzakirə edilir. Eyni zamanda, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə yerli və xarici mütəxəssislər öz fəaliyyətləri barədə danışır, müxtəlif mövzularda fikir mübadiləsi aparırlar.
Qeyd edək ki, səfərin proqramında konfrans iştirakçılarının Qobustan Milli Tarix-Bədii Qoruğuna, Füzuli və Şuşa şəhərlərinə turları nəzərdə tutulub.
Xatırladaq ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə sentyabrın 19-da gerçəkləşəcək “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.
Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər mədəniyyət iqtisadiyyatı ilə bağlı aktual məsələləri müzakirə edəcək və mövzu ilə bağlı təkliflərini səsləndirəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin