Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.
ANmedia.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Sonra Sammitin geniş tərkibdə iclası başlayıb.
Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən dövlət və hökumət başçılarını salamladı və çıxış edib.
Azərbaycan Prezidenti tədbirdə çıxış edib.
Sammitdə digər dövlət və hökumət başçıları da çıxış ediblər.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.
Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Xatırladaq ki, hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin