Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.
104 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan əsgərləri Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər.
Qafqaz İslam Ordusunun Bakını, ümumilikdə Azərbaycanı erməni-bolşevik caynağından xilas etməsi əsl qardaşlıq, milli bağlılıq nümunəsi idi.
Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusu olmasaydı, Azərbaycana, onun xalqına qənim kəsilməyi və yer üzündən silməyi qarşıya məqsəd qoymuş qüvvələr, bəlkə də, öz istəklərinin böyük bir qismini təmin edəcəkdi.
Azərbaycana qarşı sistematik soyqırımı siyasətinin qarşısında Qafqaz İslam Ordusu dayanmaqla bugünkü Azərbaycan-Türkiyə qardaşlığının mənəvi təməlini qoymuş oldu.
Azərbaycan 1991-ci ilin oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətlərdəki mənəvi təməllər hüquqi bağlarla möhkəmləndi.
Yüksək templə yüksələn əlaqələr strateji müttəfiqlik səviyyəsinə qədər gəlib çatdı, Türkiyə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətini daim pislədi.
Hələ münaqişə zamanı Türkiyə Azərbaycana dəfələrlə dəstəyini nümayiş etdirdi və atəşkəs dövrünün ən genişmiqyaslı hərbi toqquşması olan Tovuz döyüşlərində Ankara-Bakı həmrəyliyi dünyaya böyük bir əyanla nümayiş etdirildi.
Azərbaycan Tovuz döyüşlərindən təxminən dörd ay sonra, 2020-ci ilin sentyabrın 27-də torpaqlarının işğaldan azad edilməsi üçün sürətli əks-hücum əməliyyatına başladı və 44 gün davam edən müharibədə Ermənistan məğlubiyyətə düçar edildi.
Türkiyə 44 gün ərzində Azərbaycana böyük dəstək oldu və Azərbaycanı təhdid etməyə çalışan qüvvələrə cavablar verdi.
Azərbaycan qələbəsini təmin etdikdən sonra Türkiyə ilə münasibətlərin ruhu yeni reallıqlara uyğun şəkildə təzələndi. 2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada Şuşa Bəyannaməsini imzaladı.
Şuşa Bəyannaməsi strateji müttəfiqlik əlaqələrini dərinləşdirdi və Azərbaycanla Türkiyəni bir-birinin müdafiəçisinə çevirən hüquqi zəminlər toplusu rolunu oynayır.
Bu gün Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda, regional əməkdaşlıq platformalarında, hərbi və hərbi-siyasi müstəvilərdə bir-birini dəstəkləyir.
Azərbaycanla Türkiyə regional təhlükəsizliyin qarantı roluna yiyələnirlər.
Aqil Vəlili
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin