Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu gün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Müraciətlərə nəzarət şöbəsinin müdir müavini Baxıt Yesimovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Oxu.az-a istinadən xəbər verir ki , Qazaxıstanın dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi və vətəndaşların müraciətlərinə baxılması sahəsində Azərbaycan Respublikasının təcrübəsinin öyrənilməsi və bu sahədə fikir mübadiləsinin aparılması olub.
Ali Məhkəmənin sədri nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib və Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstəyinə görə Qazaxıstan Respublikasına və qazax xalqına təşəkkürlərini bildirib. Ali Məhkəmənin sədri bildirib ki, Azərbaycan və Qazaxıstan bir-birinə qardaş ölkələrdir və ötən ay Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dəvəti ilə Qazaxıstan prezidenti cənab Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və iki ölkə arasında imzalanan strateji münasibətlərin möhkəmlənməsi haqqında Bəyannamə ölkələrimiz arasında mövcud əməşdaşlıqda yeni səhifənin açıldığını deməyə əsas verir.
Ramiz Rzayev ölkə başçısı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, xüsusilə də məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması və məhkəmələrin əlçatanlığının təmin olunması sahəsində görülən işlər barədə qonaqlara məlumat verib. Məhkəmələrdə istifadə olunan ən yeni informasiya texnologiyalarından söz açan Ali Məhkəmənin sədri vətəndaş müraciətlərinə xüsusi diqqətin verildiyini bildirərək bu sahədə Ali Məhkəmənin təcrübəsini qonaqlarla bölüşüb.
Ali Məhkəmənin sədri deyib ki, 10 il bundan əvvəl ölkəmizdə inzibati məhkəmə icraatının tətbiqinə başlanılıb. Bu önəmli hadisə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların növbəti mühüm mərhələsini təşkil edib. Yeni inzibati hüquq modelinin qəbulu ölkəmizdə dövlət-vətəndaş münasibətlərinə tamamilə yeni yanaşma gətirib.
Ölkəmizdə olmaqdan məmnunluq ifadə edən Baxıt Yesimova 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyə görə Azərbaycan xalqını təbrik edib. Baxıt Yesimova Azərbaycanın vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində apardığı dövlət siyasəti, eləcə də məhkəmə təcrübəsinin onlarda böyük maraq doğurduğunu, bu müsbət təcrübənin öyrənilməsinə xüsusi önəm verdiklərini vurğulayaraq qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Görüşdə həmçinin ölkəmizdə inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunması istiqamətində görülən işlər, bu məqsədlə qanunvericilikdə aparılan islahatlar, ölkəmizdə fəaliyyət göstərən inzibati məhkəmələrin fəaliyyəti barədə qonaqlara məlumat verilib, inzibati icraatla bağlı mövcud məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin