Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib.
ANmedia.az xəbər verir ki, Elvis Antonio Alam Loran etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli əlaqələrə toxunaraq, İkinci Qarabağ müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı siyasi hücumlar fonunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Dominikan Respublikasının ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnun BMT Təhlükəsizlik Şurasının bəzi üzv dövlətləri tərəfindən pozmaq cəhdinin qarşısı Dominikan Respublikası və Təhlükəsizlik Şurasına üzv olan bir sıra dövlətlərin qəti mövqeyi sayəsində alınıb. Dövlətimizin başçısı, eyni zamanda, Dominikanın Qoşulmama Hərəkatında da Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini dəstəkləyən bir ölkə olduğunu məmnunluqla vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına, COVID-19-la, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər təşkilatının yaradılması ilə bağlı təşəbbüslərinin Dominikan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu dedi, eyni zamanda, ticari və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsi yollarının da müəyyənləşdirilməsinin zərurliyini bildirdi.
Səfir ilk növbədə Dominikan Respublikasının Prezidenti Luis Abinaderin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığıni bildirdi, onun da salamlarını Dominikan Prezidentinə çatdırmağı xahiş etdi.
Səfir qeyd etdi ki, Azərbaycan kimi çox gözəl ölkəyə səfərindən və Dominikanın Azərbaycana ilk səfiri təyin olunmasından məmnunluq duyur. Elvis Antonio Alam Loran ölkəmizlə ticarət, turizm sahələrində və digər sahələrdə dinamik əlaqələrin qurulacağına ümidvar olduğunu vurğuladı.
ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin