Bu barədə anmedia.az-a qurumdan bildirilib. Məlumata görə, iclasda işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri iştirak edib. İşçi qrupunun rəhbəri, “Azərsu”yun sədr müavini Etibar Məmmədov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra qurumun mütəxəssisləri şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başlayıb.
Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən Şuşaya suyun verilişi bərpa olunub. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.
“Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli Şuşa şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib.
İşçi qrupunun iclasında su ehtiyatlarının qiymətləndirilməsi, su anbarlarının yaradılması, içməli, tullantı, yağış suları sistemlərinin idarə edilməsi üzrə baş planların hazırlanması, içməli və tullantı suitəmizləyici qurğular üzrə araşdırmaların aparılması, su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri müzakirə edilib, texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlı tapşırıqlar verilib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2021-ci ildə Kiçik Kirs-Şuşa magistral su kəmərinin 5,7 km-lik hissəsi polad borularla yenidən qurulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin