AZƏRTAC xəbər verir ki, səfir Adum Danqay Nokur Qet etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında da sıx əməkdaşlıq həyata keçirildiyini bildirib və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiyini deyib. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasının Çad tərəfindən dəstəklənməsini məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda Çadın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini və Qarabağın işğaldan azad edilməsini alqışlamasını yüksək qiymətləndirib. Dövlətimizin başçısı işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda maddi-mədəniyyət abidələrimizin, İslam dininə aid mədəni irsimizin, 65 məscidimizin yerlə-yeksan olunduğunu qeyd edib.
Azərbaycan Prezidenti siyasi əlaqələrimizin yaxşı səviyyəsi nəzərə alınaraq, iqtisadi-ticari əməkdaşlığın da müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı Çadın nümayəndəsi - İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Tahanın Azərbaycana səfərini, eyni zamanda, işğaldan azad edilmiş Şuşada olmasını və bu yaxınlarda onunla Konyada İslam Həmrəyliyi Oyunları çərçivəsində görüşünü məmnunluqla xatırlayıb.
Adum Danqay Nokur Qet səfir kimi fəaliyyətində əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Səfir deyib: “Siz İslam ümmətində öz müdrik rəhbərliyinizlə seçilən bir şəxsiniz və həmçinin bu ümmətə aid olan bütün ölkələr, qardaşlıq telləri ilə bir-birinə bağlı olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində, işbirliyinin daha da möhkəm bünövrə əsasında qurulmasında öz yanaşmanızla seçilən bir insansınız”.
Səfir Adum Danqay Nokur Qet Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi humanitar xarakterli layihələrin böyük önəm daşıdığını vurğulayıb və bunu yüksək qiymətləndirib. Diplomat bu təşkilatların üzv ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almaları üçün ölkəmiz tərəfindən qrantların ayrılmasını xüsusi vurğulayıb.
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin