Bu gün Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Anmedia.az-ın xəbərinə görə, iclas Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi – Emin Hüseynovun sədrliyi ilə keçirilib. İclasda Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini – Səməd Bəşirli, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini – Sarvan Cəfərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini – Namiq Hümmətov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini – Azadə Hüseynova iştirak ediblər.
Emin Hüseynov iclası açaraq ilk olaraq Xidmətin Müşahidə Şurasının sədri və üzvlərinin təyin olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Sonra hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olmuş Azərbaycan xalqının qələbəsinin əbədiləşdirilməsi üçün köçkün düşən insanların öz doğma torpaqlarına qayıdışının təmin olunmasını xüsusi vurğulayıb. İclasın sədri Müşahidə Şurasının üzvlərini yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə əhalinin qayıdışı ilə əlaqədar qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib.
İclasda həmçinin, Fərmandən irəli gələn vəzifələrin icrasının təmin etmək məqsədilə xidmətin fəaliyyətinin təşkili sahəsində ilkin mərhələdə ən vacib məsələlər müzakirə olunub Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.
Sonda Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin