Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb.
İSİM-dən Anmedia.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Protokolun tərtibatında İSİM-in, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Strateji inkişaf departamentinin, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının mütəxəssisləri iştrak edib.
Qeyd edək ki, bu virus insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. İlk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da olub. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin