ANmedia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Proses videokonfrans formatında keçirilib.
Bu cinayət işi üzrə məhkəmə prosesi keçirilsə də, təqsirləndirilən Güləliyev məhkəməyə gətirilməyib. O, məhkəmə iclasına saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada qoşulub.
Prosesdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarına iştirak etmək imkanı yaradılıb.
Bu işdə zərərçəkmişin hüquqi varisi qismində mərhumun qardaşı tanınıb. Lakin o, eləcə də başqa yaxın qohumlarından heç kim məhkəməyə gəlməyib.
Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.
İttihama görə, qətl hadisəsi bu il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin