Tariximizin bütün dövrlərində Vətəni və xalqı üçün çalışan, xeyriyyəçiliyi və xoşniyyətli əməllərini həyatının əsas amalına çevirən Azərbaycan qadınları olub. Uzun illər, əsrlər keçməsinə baxmayaraq, bu qadınların həyatı və fəaliyyəti yeni nəsillər üçün nümunəyə çevrilib.
Azərbaycan müstəqillik qazandıqdan sonra hər sahədə olduğu kimi gender bərabərliyi yolunda da bir çox addımlar atıldı. Başlanğıcı Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan gender bərabərliyi siyasəti müsbət nəticəsini verdi. Artıq o illərdən başlayaraq qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər və ölkə həyatının müxtəlif sferalarında təmsil olunmağa başlayıblar. Məhz bu istiqamətdə də Ümummilli liderin siyasətini layiqli səviyyədə davam etdirən Prezident İlham Əliyev də qadınların ölkə həyatındakı roluna böyük önəm verib. Ölkə başçısı hakimiyyətinin ilk illərindən etibarən qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Azərbaycan qadınlarına xas xoşməramlı ənənələr bu gün də davam edir. Ləyaqətli, yüksək humanizmi və nəcibliyi ilə əsl Azərbaycan qadını imicini layiqincə qoruyan və yüksəklərə qaldıran ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva bu şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyeva hər zaman öz dəstxətti, öz yolu ilə seçilib. Onun bir qadın kimi formalaşdırdığı nəciblik və humanizm ənənələri nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiramla qarşılanır.
Diqqət və qayğısına görə hamının hörmətini qazanan Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi hər zaman çoxşaxəli olub və ölkə həyatının bütün sahələrinə nüfuz edib.
Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği və onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir.
Fondun əsas məqsədləri sırasında milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etməkdir. Eyni zamanda, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işində Fondun xidmətləri danılmazdır. Lakin Fondun bütün fəaliyyəti ölkəmizlə kifayətlənmir. Məhz Mehriban xanım Əliyevanın yüksək idarəetmə və işgüzar bacarıqları sayəsində dünya mədəni irsinin qorunmasını hədəfləyən, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Fondun istər Azərbaycanda, istərsə də ölkə xaricində nüfuzu sürətlə artıb.
Birinci xanımın çoxşaxəli fəaliyyətinin digər bir istiqaməti Azərbaycan musiqi mədəniyyətinin zirvəsi sayılan muğamlarımıza olan diqqətidir. Muğam sənəti birinci xanımın təşəbbüsü və səyləri nəticəsində ölkəmizdə layiqli nüfuz qazanmış, dünyanın müxtəlif platformalarında geniş tanıdılmış və ölkəmizdə beynəlxalq muğam tədbirlərinin keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Mehriban xanım Əliyeva məhz Azərbaycan şifahi xalq ədəbiyyatının, musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri seçilib. Onun Azərbaycan mədəniyyətinə, musiqisinə verdiyi dəyər hər zaman yüksək dəyərləndirilib.
Milli maraqlara söykənən və ümumbəşəri dəyərlərin əsas götürülməsi Birinci vitse-prezidentin iş prinsipinin qayəsidir desək, yanılmarıq. Elə bu səbəbdən Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti beynəlxalq səviyyədə də diqqətə səbəb olub və hər zaman yüksək qiymətləndirilib. O, beynəlxalq arenada böyük nüfuz sahibi olan ictimai-siyasi xadimdir.
Birinci vitse-prezident Azərbaycanın qlobal əməkdaşlığın dərinləşməsində rolunu daim artırmağa səy göstərir. Eyni zamanda, xalqımızın zəngin ənənələrinə və əcdadlarımızın yaşam prinsiplərinə əsaslanaraq, daima dünyada tolerantlığın və sülh ideyalarının təbliğinə çalışır. Həmçinin dinlərarası dialoq sahəsində Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif dövrlərdə Rusiya, Fransa, Vatikan və digər xarici ölkələrdə, o cümlədən Azərbaycanda kilsələrin təmir etdirilməsi dünyaya nümunə olacaq humanizm idi.
Vətən müharibəsində qazanılan qələbəmizə qədər olan 30 illik bir dönəmdə birinci xanım bu məsələyə də biganə yanaşmayıb. Onun təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif dillərdə kitablar nəşr etdirib. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusu hazırlanıb. Bukletlər toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılan bu layihə onun rəhbərliyi ilə həyata keçirilmiş uğurlu layihələrdəndir.
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından beş il ötür. Bütün fəaliyyəti boyu ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan, mərhəməti, xeyirxahlığı ilə seçilən Mehriban Əliyeva bu vəzifənin də öhdəsindən layiqincə gəlib.
Cəmiyyətin bütün təbəqələrinin rəğbətini və etibarını qazanan birinci xanım bütün işlərinə ciddi, peşəkar və olduqca məsuliyyətlə yanaşaraq əsl vətəndaşlıq nümunəsi ortaya qoyub. Bu səbəbdən xalqın bütün nümayəndələri onu çox sevir və böyük rəğbət bəsləyir.
Humanizmi, zərifliyi, nəcibliyi və ləyaqətli ictimai fəaliyyəti ilə yüksək nüfuz sahibi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmiz, eləcə də dünya tarixinə öz dəst-xətti ilə daxil olub. Artan nüfuzu və dəyişməyən prinsipləri ilə Azərbaycan qadını adına qazandırdığı və formalaşdırdığı layiqli imic üçün Birinci vitse-prezident Mehriban Əliyevaya millətin gələcəyinə, rifahının yüksəldilməsinə və xoşməramlı missiyaların davam etdirilməsi yolunda uğurlar arzulayırıq!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin